MİLLİ OLİMPİYA KOMİTƏSİNİN BAKIDA YENİ İDMAN-SAĞLAMLIQ KOMPLEKSİNİN AÇILIŞINDA MİLLİ MƏCLİSİN DEPUTATI, ARDNŞ-nin BİRİNCİ VİTSE-PREZİDENTİ, AZƏRBAYCAN MİLLİ OLİMPİYA KOMİTƏSİNİN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

Oktyabrın 21-də Bakıda yeni İdman Sağlamlıq Kompleksinin açılış mərasimi keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roq iştirak etmişdir. Açılış mərasimində Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev nitq söyləmişdir.

Möhtərəm prezident!

Avropa Olimpiya Komitəsinin hörmətli prezidenti cənab Roq!

Hörmətli xanımlar və cənablar!

Bu gün biz yeni İdman-Sağlamlıq Kompleksinin açılışı münasibətilə buraya toplaşmışıq. Bu, çox əlamətdar bir hadisədir. Bu hadisənin gözəlliyi ondan ibarətdir ki, bu idman mərkəzi Milli Olimpiya Komitəsi tərəfindən tikilib istifadəyə verilən ilk idman qurğusudur. Bir il bundan qabaq Milli Olimpiya Komitəsi qərar qəbul etdi ki, Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında yeni, müasir, dünya standartlarına cavab verən idman mərkəzləri tiksin. Qısa bir zaman ərzində biz bu sahədə işə başladıq və deyə bilərəm ki, indi birinci addımı atdıq. Bir il ərzində Bakıda gözəl, müasir, yeni, bütün dünya standartlarına cavab verən idman kompleksinin tikintisinə nail olduq.

Bu idman kompleksi iki salondan ibarətdir. Burada müxtəlif idman növləri üzrə həm məşqlər keçiriləcək, eyni zamanda turnirlər, çempionatlar, beynəlxalq yarışlar təşkil etmək mümkün olacaqdır. Onu da qeyd etmək istəyirəm ki, elə bu ərazidə Milli Olimpiya Komitəsi öz inzibati binasını da inşa edir. Azərbaycanda Milli Olimpiya Komitəsi yeddi ildən çoxdur ki, fəaliyyət göstərir. Ancaq bu vaxta qədər onun öz binası olmamışdır. Bu məqsədlə burada Milli Olimpiya Komitəsi öz inzibati binasını da inşa edir. Yeni bina elə buradan da görünür. Yaxın gələcəkdə biz onun da açılış mərasiminə toplaşacağıq və beləliklə, Azərbaycanda Olimpiya hərəkatının mərkəzi yaradılır.

Mən demək istərdim ki, Milli Olimpiya Komitəsi kompleksin tikilməsi ilə bu sahədə öz işini bitmiş hesab etmir. Azərbaycanın bütün bölgələrində buna oxşar idman mərkəzləri yaradılacaqdır. Artıq Naxçıvan şəhərində buna bənzər idman kompleksi tikilir. Biz tezliklə Gəncə şəhərində də idman kompleksinin inşasına başlayacağıq. Bizim arzumuz odur ki, Azərbaycanın hər bir guşəsində idmanla məşğul olmaq üçün lazımi, yeni, müasir şərait yaradılsın. Əlbəttə, bizə olimpiya çempionları lazımdır və onlar var. Bizə Avropa, dünya çempionları lazımdır. Amma eyni zamanda, biz gərək idmanın kütləviliyini mütləq təmin edə bilək, buna nail olaq. Biz istəyirik ki, Azərbaycanın hər bir gənci, hər bir uşağı idmanla məşğul olsun, öz fiziki hazırlığını yüksək səviyyədə saxlaya bilsin. Bizə sağlam gənclər, sağlam millət, sağlam xalq lazımdır. Buna görə də mən bütün uşaqları, bütün gəncləri idmanla məşğul olmağa dəvət edirəm. Əlbəttə, bunun üçün həvəs olmalıdır. Hesab edirəm ki, bizim idmançılarımızın Sidney olimpiadasında göstərdikləri yüksək nəticələr o həvəsi qat-qat artıracaqdır. Eyni zamanda şərait də olmalıdır. Məhz həmin şəraiti biz bu gün yaradırıq və gələcəkdə də yaradacağıq.

Azərbaycanda hər şey yeniləşir, hər şey inkişaf edir. O cümlədən idman. Əgər Azərbaycanda son yeddi il ərzində ictimai-siyasi sabitlik bərqərar olmasaydı, əgər Azərbaycanda güclü iqtisadiyyatın yaradılmasına güclü təkan verilməsəydi, əgər əmin-amanlıq, sülh olmasaydı, biz idmanda da heç bir nailiyyətə çata bilməzdik. Dövlətimizin başçısının ardıcıl siyasəti, deyə bilərəm ki, ölkənin yenidən qurulması, müasir, sivilizasiyalı Azərbaycan Respublikasının qurulması idmana böyük təsir etmişdir. Məhz bu qayğı və diqqətin nəticəsində bizim idmançılarımız 1999-cu ildə müxtəlif beynəlxalq yarışlarda 100-dən çox medal qazana biliblər. Bu qayğının və diqqətin məntiqi nəticəsidir ki, bizim idmançılarımız Sidneydən qələbə ilə qayıtdılar.

Mən fürsətdən istifadə edərək, idmançılarımızı bu böyük qələbə münasibətilə bir daha təbrik etmək istəyirəm. Onlara uğurlar arzulamaq istəyirəm. Onlar həqiqətən də böyük qəhrəmanlıqlar göstəriblər. Bütün xalqımız sevinc, bayram içində idi. Bizim bayrağımız qaldırılmışdır. Bizim dövlət himnimiz səsləndirilmişdir. İdmançılarımız Olimpiya oyunlarından əvvəl söz vermişdilər ki, Vətənə qələbə ilə qayıdacaqlar və öz sözlərinə sadiq çıxdılar.

Hörmətli xanımlar və cənablar!

Mən əminəm ki, bu idman kompleksində məşq edəcək uşaqlarımızın, gənclərimizin arasında gələcəyin dünya və olimpiya çempionları olacaqdır. Mən bütün gənclərimizi bir daha idmana dəvət edirəm və əmin olduğumu bildirirəm ki, 2004-cü ildə Afinada olimpiya oyunlarında da Azərbaycanın bayrağı qaldırılacaq, Azərbaycanın dövlət himni səslənəcəkdir.

Sağ olun.

AzərTAC
"Azərbaycan" qəzeti,
22 oktyabr 2000-ci il