NAXÇIVAN OLİMPİYA İDMAN KOMPEKSİ

Ölkədə idmanın maddi-texniki bazasını inkişaf etdirməyi qarşısına məqsəd qoymuş Milli Olimpiya Komitəsi ölkənin səfalı guşələrindən biri olan, lakin Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bu gün də blokada şəraitində yaşayan Naxçıvan şəhərində də iki zaldan ibarət universal idman kompleksinin inşasını bütün mövcud çətinliklərə baxmayaraq 2002-ci ilin mayında başa çatdırdı. 2002-ci il iyunun 15-də Naxçıvan şəhərində yeni idman kompleksinin təntənəli açılış mərasimi keçirildi. Bu açılış rəsmi dövlət bayramı "Qurtuluş günü"nə təsadüf etdi. Ölkə başçısı Heydər Əliyev açılış mərasimində iştirak etmək üçün Naxçıvana səfər etdi. Mərasimdə geniş nitq söyləyən ölkə başçısı Muxtar Respublikaya gəlişinin səbəbini açıqlayarkən dedi: "Bu gün bayram günü mənim sizinlə bir yerdə olmağımın bir səbəbi də ondan ibarətdir ki, Naxçıvanda beynəlxalq standartlara uyğun olan müasir tələblərə cavab verən böyük Olimpiya İdman Kompleksi tikilib və mən də onun açılışına gəlmişəm ki, bu şad günü sizində birlikdə qeyd edim".

Ölkə başçısı blokada şəraitində yaşayan Naxçıvanda olimpiya idman kompleksinin inşa edilib istifadəyə verilməsini mühüm hadisə kimi giymətləndirdi. "Bu çox əlamətdar bir hadisədir. Bu hadisəyə münasibətlə sizi ürəkdən təbrik edirəm. Hesab edirəm ki, siz bu olimpiya komplesinin Naxçıvan üçün nə qədər faydalı olduğunu bir neçə aydan, bir neçə müddətdən sonra yaxşı qiymətləndirə biləcəksiniz".

Milli Olimpiya Komitəsinin son beş ildə gördüyü işləri yüksək qiymətləndirən Prezident Heydər Əliyev nitqində qeyd etdi ki, "beləliklə, indi Azərbaycanda idmanın, bədən tərbiyəsinin böyük maddi-texniki bazası yaranır. Biz bu bazanı yaratmaq istəyirik. Ancaq bizim Milli Olimpiya Komitəsinə büdcədən vəsait ayırmağa imkanımız yoxdur. Onlar öz imkanlarından istifadə edirlər. İndi görün, bu işə nə qədər sədaqətlidirlər, bu işi nə qədər sevirlər. Hər şeyi kənara qoyub bunları edirlər".

Azərbaycan Prezidenti Heydər Əliyevin idmana, Olimpiya Hərəkatına diqqət və qayğısı daim davam edir. Onun çıxışlarında səslənən "Azərbaycan Milli Olimpiya Komitəsinin qurub-yaratdıqları bir adam üçün deyil, millət, xalq, ölkədə idmanın inkişafı üçündür!", "biz idmana, bədən tərbiyəsinə qayğı göstərərək millət, xalq, vətən qarşısında öz borcumuzu yerinə yetiririk", " Biz quruculuq işləri aparmışıq, aparırıq və gələcəkdə daha sürətlə aparacağıq", "Gələcək Olimpiya Oyunlarına qədər Azərbaycanda idman daha da yüksələcək, daha da inkişaf edəcəkdir" kəlamları gələcəyə nikbin gözlə baxmağa əsas verir. Başqa cür də ola bilməz. Çünki Azərbaycan Prezidenti Heydər Əliyev respublikada idmanın, Olimpiya Hərəkatının ən böyük pərəstişkarı və təbliğatçısıdır.