AZƏRBAYCAN MİLLİ OLİMPİYA KOMİTƏSİNİN PREZİDENTİ, MİLLİ MƏCLİSİN DEPUTATI İLHAM ƏLİYEVİN GƏNCƏYƏ SƏFƏRİ

Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti, Milli Məclisin Deputatı İlham Əliyev iki il bundan əvvəl bünövrəsini qoyduğu və tikintisi başa çatmış Olimpiya kompleksi ilə tanış olmaq üçün Gəncəyə gəlmişdir.

Əvvəlcə İlham Əliyev son illər Azərbaysanda idmanın inkişafını əks etdirən foto guşə ilə, həmçinin kompleksin binası ilə tanış oldu. Sonra o, idmanın müxtəlif növləri üzrə yarışlar və təlimlər keçirilməsi üçün nəzərdə tutulmuş zallara baxdı. "Azərborukəmərtikinti" tresti tərəfindən iki ildən az müddətə tikilmiş və bütün beynəlxalq standartlara cavab verən bu kompleks iki böyük zal və müxtəlif yardımçı binalardan ibarətdir. Kompleksin tikintisinə mütəmadi olaraq nəzarət edən İlham Əliyev burada hər şeyə xüsusi diqqət yetirmişdir.

Son illərdə qədim Gəncə üçün ən gözəl hədiyyələrdən biri olan komplekslə tam tanışlıqdan sonra Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev öz tövsiyyələrini verdi.

Olimpiya kompleksi ilə tanışlıqdan sonra İlham Əliyev Azərbaycan televiziyasına müsahibə verdi.

AZƏRBAYCAN MİLLİ OLİMPİYA KOMİTƏSİNİN PREZİDENTİ, MİLLİ MƏCLİSİN DEPUTATI İLHAM ƏLİYEVİN MÜSAHİBƏSİ

MÜXBİR: İki il bundan əvvəl bu bu qurğunun bünövrəsini qoyanda Siz yəqin ki, belə gözəl bir binanın ucaldılacağına inanırdız.

CAVAB: Mən inanırdım ki, belə gözəl bir kompleks tikiləcək. Bu kompleksin tikintisi üçün biz tender elan etdik. Ən dəyərli təklifi təqdim edən şirkət bu tenderin qalibi oldu. 2000-ci ildə burada olarkən mən şəxsən bu kompleksin bünövrəsini qoydum və bilirdim ki, Gəncədə gözəl idman qurğusu açılacaq. Gördüyünüz kimi, idman kompleksi bu gün tam hazırdır. Burada yüksək səviyyəli beynəlxalq idman yarışlarını təşkil etmək olar. Bununla yanaşı, burada təlimlər də keçirilə bilər. Beləliklə, Gəncədə yaşayan idmançılar, yeniyetmələr, uşaqlar bu kompleksdən səmərəli istifadə edə bilər.

SUAL: Çox az bir müddətdə Azərbaycan həm də idman sahəsində məşhurlaşdı. Bu, idmana olan dövlət qayğısı nəticəsində mümkün oldu. Siz idmançılarımızın təşəbbüslərini necə qiymətləndirirsiz?

CAVAB: Mən idmançılarımızın təşəbbüslərini yüksək qiymətləndirirəm. Bilirsiz, Azərbaycanda idman hərtərəfli inkişaf etmişdir. Bu inkişafın əsas səbəbi, bir tərəfdən, idman strukturlarının qənaətbəxş fəaliyyəti, digər tərəfdən isə idmançılarımızın Azərbaycanı beynəlxalq yarışlarda lazımi qaydada təmsil etmələri ilə bağlıdır. İdmançıları ən gözəl şəraitlə təmin etmək üçün, onların ardıcıl olaraq beynəlxalq yarışlarda iştirakı üçün biz əlimizdən gələni edirik. Onlar da, öz növbəsində, bizim hamımızı və xalqımızı uğurlu çıxışları ilə razı salırlar.

Bildiyiniz kimi, az bir müddətdə Azərbaycanda idmanın müxtəlif növlərində böyük nailiyyətlər əldə olunub. İdmanın bəzi növlərində, hansıların ki, inkişafından bir neçə il bundan əvvəl söhbət gedə bilməzdi, indii böyük uğurlar qazanılıb. Bu onu göstərir ki, idman Azərbaycanda kütləvi xarakter alır. İdmanla məşğul olanların sayı günbəgün artır və professional idmançıların sayı da əhəmiyyətli dərəcədə artıb. Buna görə, Milli Olimpiya Komitəsinin Prezidenti kimi idmançılara təşəkkür etmək istəyirəm. Öz əla çıxışları ilə onlar bizim hamımızı sevindirir.

SUAL: İlham müəllim, daha hansı bölgədə Olimpiya idman kompleksi açılacaq?

CAVAB: Olimpiya idman kompleksi Şəki şəhərində hazırdır. Bəzi xırda məsələlər həll olunmamış qalır və onlar da 2-3 həftəyə həll olunacaq. Demək olar ki, Bərdədə də idman kompleksi hazırdır. Lənkəranda da idman kompleksi tikilir. Gələcəkdə Qubada, Şamaxıda və Azərbaycanın hər yerində bütün beynəlxalq standartlara cavab verən müasir idman kompleksləri tikiləcək.

Keçmişdə Azərbaycanda idman tikililəri var idi. İndi onlar köhnəlib. Onların bəziləri işləmir. Biz təzə, müasir və gözəl binalar tikirik. Bu binalar həm şəhərlərimizi bəzəyəcək, həm də idmanın inkişafına xidmət edəcək. Onlar isti su, kondisioner, istilik sistemi ilə təchiz olunacaq. Bu kompleksdə bütün problemlər öz əksini tapıb. Tam məsuliyyət hissi ilə deyə bilərəm ki, bu idman kompleksi ən yüksək dünya standartlarına cavab verən tikililərdən biridir.

MÜXBİR: Azərbaycan Prezidenti Heydər Əliyev bütün idman komplekslərinin açılışında şəxsən iştirak edir. Bu, dövlət başçısının idmana olan qayğısı ilə bağlıdır.

CAVAB: Əlbəttə, bizim dövlət başçımız Cənab Prezident idmana böyük qayğı və maraq göstərir. Bildiyiniz kimi, Azərbaycan Prezidenti görkəmli idmançıları yüksək dövlət mükafatları ilə - orden və medallarla təltif etmişdir. Mən deyə bilərəm ki, bizim dövlət başçımız nəinki daim idmanla maraqlanır, həmçinin ona böyük kömək göstərir. Mən inamla deyə bilərəm ki, bu kömək olmadan Azərbaycanda idman belə yüksək səviyyəyə çatmazdı.

Əlbəttə, Cənab Prezidentin komplekslərin açılışlarında şəxsən iştirakı, bu açılışlardakı nitqləri bizim hamımızı, idmançıları, məşqçiləri, idman qurumlarını ruhlandırır. Bu bizə qarşı böyük dəstək və hörmət, fəaliyyətimizə verilən yüksək qiymətdir. Ona görə də bütün idman ictimaiyyəti adından, gərgin iş cədvəlinə rəğmən vaxt tapıb idmana qayğı göstərdiyinə görə Cənab Prezidentə təşəkkürümüzü bildirirəm.

BAKI. 12.09.2002. AzərTAc.