ŞƏKİ OLİMPİYA İDMAN KOMPLEKSİ

Şəki şəhərində Olimpiya İdman Kompleksinin təməli ötən il qoyulmuşdu. İnşaatçılar qısa bir zamanda, bir ildən az bir müddətdə bu kompleksin inşasını başa çatdırdılar. Şəkidə tikilmiş kompleks Milli Olimpiya Komitəsinin indiyədək istifadəyə verilmiş idman qurğularından bir çox cəhətdən fərqlənirdi. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, bu kompleks, əslində Olimpiya İdman Bazasıdır. Onun ətrafında salınmış 16 kottecdə 60-dan artıq idmançının qalması üçün hər cür şərait yaradılmışdır. Respublikanın dağlıq zonasında salınmış baza gələcəkdə idmançıların təlim-məşq toplanışlarının mərkəzinə çevriləcəkdir. Kompleksdə üç zal vardır. Bu zallardan biri 700, digəri 300 tamaşaçı tutur. Üçüncü zal üzgüçülük hovuzudur. Uzunluğu 25m olan hovuzun 8 üzmə cığırı vardır. Kompleksin trenajor zalı məşq üçün ən müasir trenajorlarla təchiz olunmuşdur. Bazanın həyətində tennis kortları, voleybol, basketbol meydançaları salınmışdır.

Bu il noyabr ayının 9-da Şəki şəhərindəki idman kompleksinin təntənəli açılışı oldu. Açılış mərasimində iştirak etmək üçün Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev Şəkiyə gəlmişdi. Dövlət başçısı Olimpiya Kompleksindəki koteclərdən birində qaldı.

Olimpiya İdman Kompleksinə aparan küçəyə, bayramsayağı bəzədilmiş Olimpiya meydanına Şəki şəhərinin və rayonunun minlərlə sakini, qonşu rayonların nümayəndələri toplaşmışdı. Olimpiya meydanındakı izdiham Respublika Prezidentini alqışlarla qarşıladı. Mərasim iştirakçıları Milli Olimpiya Komitəsinin prezidentini də səmimiyyətlə salamladılar. Olimpiya İdman kompleksinin açılışını bildirən lent kəsildi. Ölkə başçısı və mərasimə gəlmiş qonaqlar kompleksin zallarını gəzdilər, idmançıların məşqlərinə tamaşa etdilər. Sonra kompleksin açlışı münasibətilə böyük konsert oldu. Beləliklə, Milli Olimpiya Komitəsinin tikdirdiyi daha bir nəhəng idman qurğusu istifadəyə verildi.

09 noyabr 2002