Minlərlə insan - şəhər ictimaiyyətinin nümayəndələri, idmançılar Gəncədə yeni tikilmiş Olimpiya idman kompleksinin qarşısına toplaşmışdı. Onların əllərində respublikanın bayraqları, Prezidentin portretləri, "Cənab Prezident, bir millət və dövlət kimi möcudluğumuza görə sizə minnətdarıq!", "Heydər - xalq, xalq - Heydər!", "Yaşasın Azərbaycan Prezidenti Heydər Əliyev!" sözləri yazılmış plakatlar var idi.
Mərasim iştirakçıları Azərbaycan Prezidenti Heydər Əliyevi gur alqışlarla qarşıladılar.
Təntənəli mərasimin rəsmi hissəsi Olimpiya idman kompleksinin açılışına həsr olunmuşdu.
Azərbaycan Prezidenti Heydər Əliyev təntənəli açılış mərasimində geniş nitq söylədi.
Açılış mərasimindən xatirə olaraq Azərbaycan Prezidenti Heydər Əliyevə üzərində onun portreti olan xalça bağışlandı.
Rəsmi hissədən sonra Prezident Heydər Əliyev mərasimdə iştirak edən gənclərlə görüşdü və onların problemləri ilə maraqlandı. O, bu problemlərin aradan qaldırılması üçün müvafiq orqanlara tapşırıqlar verdi.
Azərbaycan Prezidenti Heydər Əliyev və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Gəncə Olimpiya idman kompleksinin açılışını bildirən lenti kəsdilər.
Dövlət başçısı beynəlxalq standartlara uyğun tikilmiş kompleksin zallarına daxil oldu, idmançılar üçün yaradılmış şəraitlə tanış oldu. Azərbaycan Prezidenti dedi ki, iki ilə tikilmiş bu kompleksdə idmanın bir sıra növləri üzrə yerli və beynəlxalq yarışlar keçirmək olar. Milli Olimpiya Komitəsinin hədiyyəsi olan bu kompleksin istifadəyə verilməsi Gəncə və ümumiyyətlə Azərbaycanda idmanın daha da inkişaf etməsinə imkan verəcək.
Sonra Olimpiya idman kompleksinin açılışına həsr olunmuş bədii-idman proqrammı təqdim olundu. Kompleksin geniş zalına toplaşmış idmançılar, qonaqlar, şəhər ictimaiyyətinin nümayəndələri dövlət başçısını gur alqışlarla qarşıladılar.
Azərbaycanın dövlət himni səsləndikdən sonra, gənc idmançıların və idmançı-uşaqların çıxışları göstərildi. İncəsənət ustalarının ifasında mahnılar, rəqslər, Gəncə özfəaliyyət kollektivlərinin çıxışları mərasim iştirakçıları tərəfindən maraqla qarşılandı.
Gəncə Olimpiya idman kompleksinin açılışında vitse-premyer Abid Şərifov, bir sıra nazirliklərin, səhmdar cəmiyyətlərin başçıları, həmçinin Olimpiya çempionları Rəfiqə Şabanova, Lüdmila Şubina, Nazim Hüseynov, Namiq Abdullayev, Zemfira Meftəhəddinova, dünya və Avropa çempionları iştirak edirdilər.
Sentyabrın 12-də Azərbaycan Prezidenti, Ali baş komandan Heydər Əliyev Gəncədəki N saylı hərbi hissəyə gəldi. Əsgərlər və zabitlər dövlət başçısını hərarətlə qarşıladılar.
Ali baş komandana bu hərbi hissə haqqında məlumat verildi. Prezident hərbi hissənin heyəti ilə mehriban söhbət etdi, hərbçilərin problemləri ilə maraqlandı. Sonra Prezident Heydər Əliyev hərbi hissənin sərəncamında olan döyüş texnikası ilə tanış oldu.
Hərbi hissənin kəşfiyyat qrupunun təqdim etdiyi çıxışlar böyük marağa səbəb oldu.
Sonra Azərbaycan Prezidenti, Ali baş komandan Heydər Əliyevin hərbçilərlə görüşünə həsr olunmuş mərasim keçirildi.
Ali baş komandan parad meydanında hərbi hissənin əsgərlərinin qarşısından keçdi və onları salamladı.
Hərbi orkestr Azərbaycan Respublikasının dövlət himnini səsləndirdi.
Mərasimdə çıxış edən müdafiə naziri, general-polkovnik Səfər Əbiyev dövlət başçısı, Ali baş komandan Heydər Əliyevə hərbi hissənin əsgərləri və zabitləri ilə görüşdüyü üçün təşəkkür etdi. Nazir Ali baş komandanın hərbçilərlə hər bir görüşünün və onlara verdiyi göstəriş və məsləhətlərinin milli ordumuzun güclənməsi üçün böyük dəyərə malik olduğunu bildirdi.
Azərbaycan Prezidenti, Ali baş komandan Heydər Əliyev mərasimdə çıxış etdi, əsgər və zabitlərə Vətənə düzgün xidmət haqqında dəyərli məsləhətlər verdi, onlara işlərində uğurlar arzuladı.
/Dövlət başçısının çıxışı böyük maraqla və alqışlarla qarşılandı/ . Mərasimin sonunda hissənin xüsusi-təyinatlı bölməsi əlbəyaxa döyüş növlərini göstərdilər. Hərbi hissənin heyəti Azərbaycan Prezidenti, Ali baş komandan Heydər Əliyevin dayandığı tribunanın qarşısından keçdi.
Sentyabrın 12-də Gəncə icra hakimiyyətində Azərbaycan Prezidenti Heydər Əliyevin sədrliyi ilə geniş iclas keçirildi. İclası Prezident Heydər Əliyev açdı.
İclasda çıxış edən Gəncə şəhəri icra hakimiyyətinin başçısı Eyvaz Babayev, iqdisadi inkişaf naziri Fərhad Əliyev, "Azərenerji" səhmdar cəmiyyətinin prezidenti Etibar Pirverdiyev, "Azəriqaz" səhmdar cəmiyyətinin sədri Əlixan Məlikov şəhərin sosial-iqtisadi problemləri ilə bağlı fikirlərini söylədilər.
Prezident Heydər Əliyev iclası yekunlaşdıraraq problemlərin həlli ilə bağlı müvafiq nazirliklərə və təşkilatlara göstərişlərini verdi.
Sentyabrın 13-də Azərbaycan Prezidenti Heydər Əliyev Goranboy rayonuna yola düşəcək.
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ OLİMPİYA KOMİTƏSİNİN PREZİDENTİ, MİLLİ MƏCLİSİN DEPUTATI İLHAM ƏLİYEVİN ÇIXIŞI
- Hörmətli cənab Prezident! Hörmətli xanımlar və cənablar! Bu gün Azərbaycan idmanının tarixində əlamətdar bir gündür, Gəncədə Milli Olimpiya Komitəsinin yeni idman kompleksi açılır və istifadəyə verilir. Bu münasibətlə mən sizin hamınızı təbrik edirəm. İki zaldan ibarət olan bu kompleks yüksək dünya standartlarına cavab verir. Bura təlimlər, məşqlər və beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsi üçün münasibdir. Mən əminəm ki, Gəncədə yaşayan idmançılar, gənclər və uşaqlar bu kompleksdən lazımi şəkildə istifadə edəcəklər.
İdman Azərbaycanda sürətlə və hərtərəfli inkişaf edir. İdmançılarımız Azərbaycanı beynəlxalq yarışlarda ləyaqətlə təmsil edirlər. Elə onu qeyd etmək kifayətdir ki, son beş ildə beynəlxalq yarışlarda, Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında idmançılarımız 300-ü qızıl olmaqla 800-dən çox medal qazanmışdır. Biz istəyirik ki, idmançılarımız yaxşı şəraitlə təmin olunsun. Bu məqsədlə Milli Olimpiya Komitəsi xüsusi proqram təsdiq edib və hazırda həmin proqram icra olunur.
Biz çox istəyirdik ki, idmançılarımız beynəlxalq yarışlarda iştirak etsin və biz buna nail olduq. Mən indi deyə bilərəm ki, elə bir beynəlxalq yarış yaxud çempionat yoxdur ki, idmançılarımız orada iştirak etməsin. Bu çox mühüm faktordur, çünki beynəlxalq yarışlarda iştirak etməklə idmançılarımız lazımi təcrübə qazanırlar.
Eyni zamanda biz istəyirik ki, beynəlxalq yarışlar Azərbaycanda da keçirilsin. Keçmişdə bizim belə təcrübəmiz yox idi. Ancaq son üç ildə Azərbaycan beynəlxalq yarışların arenasına çevrilib. Qısa müddət ərzində Azərbaycanda yeniyetmələr arasında boks üzrə Avropa və dünya çempionatları keçirildi. Azərbaycanda şahmat, bodibildinq, sərbəst döyüş üzrə Avropa çempionatları keçirildi.
Bir tərəfdən, bu, idmanın Azərbaycanda geniş yayılmasına xidmət edir. Bundan başqa, Azərbaycan idman dünyasında indi daha yaxşı tanınır. Deyə bilərəm ki, Azərbaycanda keçirilən bütün beynəlxalq yarışlar yüksək səviyyədə təşkil olunmuşdur. Təkcə biz yox, həmin yarışlarda iştirak edən qonaqlar və idmançılar da bunu təsdiq edə bilərlər. Ümumiyyətlə beynəlxalq idman qurumları Azərbaycana böyük ümid və hörmətlə yanaşırlar. Bizim fəaliyyətimiz yüksək qiymətləndirilir. Diqqətinizə bir faktı çadıra bilərəm. Beynəlxalq konfransların birində, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Avropa Olimpiya Komitələrinin prezidentlərinin qarşısında dedi ki, bütün Avropa Olimpiya Komitələri Azərbaycan Olimpiya Komitəsinin fəaliyyətindən nümunə götürməlidir. Mən bunu yüksək qiymət kimi dəyərləndirirəm.
Azərbaycan Milli Olimpiya Komitəsi sidi təbliğat işi ilə məşğuldur. Bu məqsədlə, biz 1998-ci ildən "Olimpiya" jurnalını nəşr etdiririk və bu jurnal idmanda gedən bütün prosesləri əks etdirir. Bu yaxınlarda Milli Olimpiya Komitəsi "Olimpiya dünyası" adlı qəzetin nəşrinə də başlamışdır.
Biz idmançılara böyük qayğı və diqqətlə yanaşırıq. Milli Olimpiya Komitəsi görkəmli idmançılar, onların məşqçiləri və idman veteranları üçün xüsusi pul mükafatı təsis etmişdir və artıq bir neçə ildir ki, 60-dan çox idmançı, məşqçi və veteran bu mükafata alır.
Milli Olimpiya Komitəsi idmanın kütləvi xarakter almasına xüsusi diqqət yetirir. Biz istəyirik ki, hər bir uşaq, hər bir gənc idmanla məşğul olsun. Çünki idman insanı həm fiziki, zəm də mənəvi cəhətdən sağlam edir. Bu məqsədlə, Milli Olimpiya Komitəsi bir neçə il bundan əvvəl xüsusi proqram təsdiq etdi və bu proqramın nəticəsi olaraq bu gün burada bu gözəl idman kompleksi açılır.
Bundan əvvəl müvafiq idman kompleksləri Bakıda, Maştağa qəsəbəsində və Naxçıvanda açılmışdır. Bu gün isə biz bunu Gəncədə qeyd edirik. Deyə bilərəm ki, hazırda Azərbəycanın müxtəlif bölgələrində bu iş həyata keçirilir və yaxın gələcəkdə Azərbaycanın hər yerində idmanla məşğul olmaq üçün əla şərait yaradılacaqdır.
Biz idmançılarla fəxr edirik. Hər dəfə Azərbaycanın bayrağı göylərə qalxanda və onun himni səslənəndə hər bir patriot qürur hissi keçirir və o fəxr edir ki, onun ölkəsinin nümayəndəsi qələbə qazanıb, onun ölkəsi qalib gəlib.
Mən dövlətin idmana olan yüksək qayğısını xüsusi qeyd etmək istəyirəm. Cənab Prezident bu problemlərlə mütəmadi olaraq şəxsən maraqlanır və idmançılara, mütəxəssislərə, idmanla məşğul olan hər kəsə kömək edir. Bu qayğı, diqqət, kömək və mehriban münasibət olmasaydı, biz bu nəticələri əldə edə bilməzdik.
Əziz dostlar!
Əziz gənclər!
Mən bir daha sizi bu gözəl idman kompleksinin açılışı münasibətilə ürəkdən təbrik edirəm. Mən inanıram ki, burada məşq edəcək və yarışacaq gənclər Azərbaycan idmanının şərəfini həmişə yüksək tutacaq və Vətənə yeni-yeni qələbələr gətirəcəklər. Sağ olun.
BAKI. 13.09.2002. AzərTAc.