Mövcudluğunun birinci beş ilində Milli Olimpiya Komitsinin iş fəaliyyətində informasiya və nəşriyyat işləri tamamilə yararsız vəziyyətdə olmuşdur. Daha doğrusu bu sahədə heç bir iş görülməmişdir. 1997-ci ildən başlayaraq Milli Olimpiya Komitəsinin yeni seçilmiş rəhbərliyi görülən işlərin respublikanın kütləvi informasiya vasitələrində müntəzəm və operativ işıqlandırılması, dünyanın, o cümlədən Azərbaycanın idman həyatında baş verən hadisələr, habelə Olimpiya Hərəkatına aid yeniliklər barədə məlumatların toplanması, Olimpiya Hərəkatının öyrənilməsi, eləcə də MOK-un fəaliyyəti haqqında beynəlxalq olimpiya təşkilatlarına məlumatların çatdırılması məsələlərini ön plana çəkdi. Bu məqsədlə komitənin nəzdində informasiya və nəşriyyat qrupu yaradıldı.
İnformasiya və nəşriyyat qrupuna həm də beynəlxalq olimpiya qurumlarının, eyni zamanda digər ölkələrin Milli Olimpiya Komitələrinin təcrübəsinə qoşularaq beynəlxalq aləmə çıxarıla biləcək jurnal, ölkə miqyasında yayınlanmaq üçün həftəlik qəzet və aylıq informasiya bülleteni hazırlamaq işi tapşırıldı. 1998-ci ilin may ayında Azərbaycanın mətbuat tarixində ilk idman jurnalı çapdan çıxdı. Beləliklə, Milli Olimpiya Komitəsinin orqanı olan "Olimpiya" jurnalının birinci sayı işıq üzü gördü.
1998-ci il iyulun 1-də Bakı Əyləncə Mərkəzində idman ictimaiyyətinin, xarici qonaqların iştirakı ilə "Olimpiya" jurnalının təqdimat mərasimi oldu. Mərasimdə Milli Olimpiya Komitəsinin prezidenti çıxış etdi. O, jurnalın nəşrinin idman ölkədə idmanın təbliğində özünəməxsus rol oynayacağını qeyd etdi və növbəti nömrədən başlayaraq jurnalın iki dildə çap olunmasının, jurnalın beynəlxalq olimpiya və idman təşkilatlarına, eləcə də başqa ölkələrin Milli Olimpiya Komitələrinə göndərilməsinin vacibliyini vurğuladı.
Elə 1998-ci ildən başlayaraq iki dilli çap olunan bu jurnalın səhifələrində Milli Olimpiya Komitəsinin, beynəlxalq və qitə olimpiya komitələrinin fəaliyyəti ilə əlaqədar müxtəlif yazılarla yanaşı, ölkədə idmanın inkişafı, Olimpiya Hərakatının genişləndirilməsi, idmanın kütləviliyinin artırılması haqqında materiallar, respublikada keçirilən beynəlxalq yarışlar, Olimpiya Oyunlarının və Olimpiya Hərəkatının tarixi barədə məlumatlar dərc olunur. Jurnalın nömrələrindən biri 1999-cu ildə Avropa Yeniyetmələrinin Danimarkada keçirilmiş Olimpiya Günlərinə və Bakıda boks üzrə kadetlər arasındakı qitə çempionatına həsr olunmuşdur.