Milli Olimpiya Komitəsi informasiya və nəşriyyat işlərini genişləndirmək məqsədilə 1999-cu ilin yanvarından başlayaraq aylıq bülleten nəşr etdirməyə başlamışdır. Bülletenlərdə Milli Olimpiya Komitəsinin fəaliyyəti, dünya miqyasında Olimpiya Hərəkatında baş verən yeniliklər, respublikanın idman həyatına aid operativ məlumatlar əksini tapır.
İnformasiya və nəşriyyat qrupu fəaliyyətə başladığı dövr ərzində Azərbaycan Olimpiya Hərəkatının tarixinə dair xeyli material toplayıb işləmişdir. Azərbaycan idmançılarının hələ Sovet İttifaqı tərkibində Olimpiya Oyunlarında iştirakı ilə bağlı aparılmış araşdırmalar və toplanmış materiallar tarixilik baxımından böyük dəyər kəsb edir. Milli Olimpiya Komitəsinin informasiya və nəşriyyat fəaliyyəti Azərbaycanda Olimpiya Hərəkatı ilə bağlı baş verən dəyişikliklərin beynəlxalq miqyasda yayılmasını da nəzərdə tutur. Milli Olimpiya Komitəsinin çoxspektrli fəaliyyəti və qazandığı uğurlar beynəlxalq olimpiya təşkilatlarının diqqətini cəlb etməyə başladı. Nəticədə Beynəlxalq Olimpiya Komitəsinin, Milli Olimpiya Komitələri Assosiasiyasının bülletenlərində respublikamızın Olimpiya Hərəkatı ilə bağlı xəbərlər çap olunmağa başladı.
Sidney-2000 Oyunları dövründə ölkə Olimpiya hərəkatı haqqında məlumatları geniş yaymaq məqsədilə 2000-ci ildə Milli Olimpiya Komitəsi "Azərbaycan XXYII Olimpiya Oyunlarında" adlı kitab nəşr etdirdi. Kitabda Azərbaycan Olimpiya tarixi, respublikanın Olimpiya Oyunlarında iştirakı, Milli Olimpiya Komitəsinin fəaliyyəti və Sidney Oyunlarının iştirakçıları haqqında məlumatlar əksini tapdı.
XXYII Olimpiya Oyunlarından sonra jurnalın həcmcə daha böyük olan bir nömrəsi bütünlüklə Sidney Oyunlarına həsr olundu. Oxucular jurnalda Sidney ərəfəsində, Sidneydə və Sidneydən sonra bölmələrində respublikada Olimpiada ilə bağlı görülmüş işlər, idmançıların yarışlardakı çıxışları, eləcə də olimpiya medalları qazanmış idmançılar haqqında geniş məlumatla tanış ola bildilər.