Milli Olimpiya Komitəsi 2001-ci ilin noyabr ayından özünün "Olimpiya dünyası" adlı yeni bir mətbuat orqanının da nəşrinə başladı. Səkkiz səhifə həcmində olan həftəlik bu nəşr bir neçə ay içərisində ölkənin ən populyar idman qəzetinə çevrildi. Qəzet öz səhifələrində Milli Olimpiya Komitəsinin, AOK və BOK-un işindəki yeniliklərə, həm ölkədaxili, həm də beynəlxalq aləmdə baş verən idman hadisələrinə, ölkə atletlərinin beynəlxalq yarışlardakı çıxışlarına geniş yer verir, idmanın inkişafında dəyərli xidmətləri olanlar, eləcə də tanınmış məşqçi və idmançılar haqqında maraqlı materiallara çap edir.
Avropa Olimpiya Komitəsinin orqanı olan Sport Europe jurnalının 2001-ci il may nömrəsində Azərbaycan Olimpiya Hərəkatı haqqında altı səhifəlik yazı dərc olundu. İngilis və fransız dillərində nəşr olunub dünyanın bütün olimpiya və idman təşkilatlarına göndərilən bu jurnaldakı məqalə Azərbaycan adlanır. Məqalə respublikamız və onun paytaxtı haqqında tarixi-coğrafi icmalla başlanır. Jurnalda Azərbaycanın qədim idman tarixi, eləcə də ölkə idmançılarının 1952-ci ildən başlayaraq Olimpiya Oyunlarında iştirakı, 1997-ci ildən başlayaraq görülmüş işlər haqqında geniş material verilmişdir. Bu da xarici oxucuların Azərbaycan Olimpiya Hərəkatı ilə yaxından tanış olmasına daha bir imkan yaratmış oldu.
2002-ci ildə Milli Olimpiya Komitəsi yeniyetmə boksçuların Bakıda keçirilmiş I dünya çempionatı haqqında nəfis tərtibatlı kitabça hazırlayıb nəşr etdirmişdir. Kitabçaya çempionatın gedişi və nəticələri, habelə qaliblər haqqında məlumatlar daxil edilmişdir. Beynəlxalq Həvəskar Boks Assosiasiyasında bu kitabçanı yüksək dəyərləndirilmişdir. Kitabçanın boks üzrə dünya çempionatlarının keçirilməsi təcrübəsində ilk nəfis və uğurlu nəşr olması qeyd edilmişdir. Qeyd etmək lazımdır ki, Milli Olimpiya Komitəsinin nəşriyyət fəaliyyətində bu kitab ilk təcrübə deyildir. Yeniyetmələrin Respublika Oyunları, Sərbəst güləş üzrə 45-ci Avropa çempionatı, gənclər arasında şahmat üzrə Bakıda Avropa çempionatının proqramları, afişa və bukletləri Komitə işlənib nəşr edilmişdir.
Milli Olimpiya Komitəsinin informasiya və nəşriyyat sahəsində həyata keçirdiyi təbirlər Azərbaycanda Olimpiya hərəkatının öyrənilməsi və təbliğinə, idmanın kütləviliyinə xidmət edir. Hazırda MOK həm özünün keçirdiyi, həm də iştirak etdiyi bütün tədbirlərin digər kütləvi informasiya vasitələrində işıqlandırılması üçün maksimum şərait yaratmışdır. Bu istiqamətdə işə beynəlxalq yarışların, Olimpiya Günlərinin və Olimipiya Oyunlarının keçirilməsi zamanı daha çox diqqət yetirilir. Belə tədbirlərə göndərilən nümayəndə heyətlərinin tərkibinə jurnalistlər, foto-müxbirlər, televiziya reportyorları daxil edilir. Onlar keçirilən idman tədbirləri haqqında operativ məlumatların həm respublikaya çatdırılmasını, həm də reportajların verilməsini təmin edirlər.
2002-ci ildə Rusiya Federasiyasının populyar mərkəzi qəzetlərindən biri olan "İzvestiya"nın iki səhifəsi Azərbaycan Milli Olimpiya Komitəsinə və Azərbaycanın tanınmış idmançılarına həsr olundu. Bu, respublikada Olimpiya Hərəkatı və idmanın inkişaf etdirilməsi sahəsində görülən işlərin beynəlxalq miqyasda diqqət mərkəzimndə olmasını bir daha təsdiq edən əhəmiyyətli faktlardan biridir.