OLİMPİYA OYUNLARININ ƏNƏNƏLƏRİ

Qədim Yunanıstanda əsası qoyulmuş Olimpiya Oyunlarının gözəl ənənələri var. Hələ ilk Olimpiya Oyunları zamanı atletlərin çıxışları mədəniyyət və incəsənət tədbirləri ilə müşaiyət olunurdu. Bu yarışlar dövründə natiqlər çıxışlar edir, şairlər şer oxuyur, musiqiçilər öz əsərlərini ifa edir, teatr tamaşaları göstərilirdi.

Olimpiya Oyunlarının yenidən bərpasına nail olmuş Pyer de Kuberten 1906-cı ildə Oyunlar dövründə incəsənət müsabiqələrinin təşkili ideyasını ortaya atmışdı. 1912-1948-ci illərdə belə müsabiqələr bilavasitə Olimpiya Oyunlarının proqramlarına daxil edilmişdir. Müsabiqələrdə arxitektura, rəngarlıq və heykəltəraşlıq işləri, nümayiş etdirilir, bədii və musiqi əsərləri ifa olunurdu. Müsabiqə laureatlarının əsərləri Olimpiya medalları ilə mükafatlandırılırdı. Bu gözəl ənənə bu gün də bir qədər başqa şəkildə olsa da davam etdirilir.

Müasir dövrdə Olimpiya Hərəkatı çərçivəsində vaxtaşırı müxtəlif incəsənət müsabiqələri, sərgiləri və başqa tədbirlər keçirilir.

Beynəlxalq Olimpiya Komitəsinin mədəniyyət işləri ilə məşğul olan xüsusi qurumları vardır.

Azərbaycan Milli Olimpiya Komitəsi də öz fəaliyyətində mədəniyyət və incəsənət məsələlərinə geniş yer vermişdir. 1997-ci ildən başlayaraq MOK-un nəzdində mədəniyyət komissiyası fəaliyyət göstərir.

1997-ci ildə Beynəlxalq Olimpiya Komitəsi uşaqlar arasında "Olimpiya Oyunları uşaqların gözü ilə" adı altında xüsusi müsabiqə təşkil etmişdi. Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə bu müsabiqədə Azərbaycanın uşaq rəssamları 25 əsərlə iştirak etmişlər.

Beynəlxalq Olimpiya Komitəsinin Mədəniyyət Komissiyasının sədri Zhenlianq Henin Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinə göndərdiyi məktubda Azərbaycanlı uşaq rəssamlarının uğurundan xəbər vermişdir.

Lozanna İncəsənət məktəbinin direktoru Perri Kellerin, Olimpiya medalçısı və rəssam cin Bleyzin, Barselonalı Pedro D.Palakoisin, Beynəlxalq Olimpiya Komitəsinin Mədəniyyət Komissiyasının əlaqələndiricisi və Olimpiya Muzeyinin kuratoru cin Françoyz Paundun daxil olduğu münsiflər heyəti 47 ölkədən göndərilmiş 1100 rəsm əsərini qiymətləndirmiş, onların içindən yaxşı işləri seçmişdir. Münsiflər heyətinin yekdil qərarı ilə 12-16 yaşlı uşaqların müsabiqəyə göndərdiyi rəsm əsərləri arasında Azərbaycan məktəblisi Çinarə Məmmədovanın "Tennis yarışında" əsəri ən yaxşı iş kimi qiymətləndirilmiş və balaca Çinarə müsabiqənin birinci mükafatını qazanmışdır.

9-11 yaşlı uşaqlar arasında müsabiqədə Bakı məktəblisi Saşa Dinetsin "Boks" tablosu ən yaxşı beş iş sırasında yer tutmuşdur.

Gənc rəssamlara Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samarançın imzaladığı xüsusi diplomlar göndərilmişdir.

Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Respblikanı müsabiqədə ləyaqətlə təmsil etmiş uşaqların uğurunu xüsusi qeyd etmiş, İcraiyyə Komitəsinin iclasında onlara Milli Olimpiya Komitəsinin hədiyyələrini təqdim etmişdir.