Olimpiya Hərəkatı çərçivəsində keçirilmiş mədəniyyət tədbirlərindən biri də 1999-cu ildə Beynəlxalq Olimpiya Komitəsinin Mədəniyyət Komissiyasının YUNESKO ilə birgə keçirdiyi "Olimpiya, incəsənət və idman-2000" müsabiqəsi olmuşdur.
Bununla əlaqədar olaraq, Milli Olimpiya Komitəsi respublikada müsabiqənin milli mərhələsini keçirmək və idman mövzusuna həsr edilmiş incəsənət əsərlərinin sərgisini təşkil etmək haqqında qərar qəbul etdi. Müsabiqəninin milli mərhələsinin əsasnaməsi təsdiq edildi və müsabiqəyə təqdim olunmuş əsərləri obyektiv qiymətləndirmək üçün mötəbər münsiflər heyəti yaradıldı.
Müsabiqənin milli mərhələsinə 50 rəssamlıq və heykəltaraşlıq əsəri təqdim olunmuşdu. 1999-cu il noyabrın 5-də mədəniyyət Nazirliyinin İçəri Şəhərdəki "Sərgi salonu"nda müsabiqəyə təqdim olunmuş əsərlərin sərgisinin açılış mərasimi keçirildi. Açılışda Olimpiya Komitəsinin rəhbərliyi, İcraiyyə Komitəsinin üzvlərilə yanaşı Gənclər və İdman naziri Əbülfəs Qarayev, Mədəniyyət nazirinin müavini Ədalət Vəliyev, Mədəniyyət fondunun sədri, professor Kamal Abdullayev, rəssamlıq İttifaqının sədri Fərhad Xəlilov, heykəltaraş akademik Ömər Eldarov və digər rəsmi şəxslər iştirak etdilər. Açılış mərasimi televiziyanın telekanallarında, bir çox mətbuat orqanlarında işıqlandırıldı.
Sərgi ikinci dəfə "Həyat" Recent mehmanxanasında həmin il dekabrın 28-də Olimpiya Komitəsinin Baş məclisi keçirilən vaxt nümayiş etdirildi.
Müsabiqənin yekununda münsiflər hey`əti heykəltaraşlıq sahəsində Zakir Mehdiyevin "Güləş fəndi" birinci, Natiq Əliyevin "At yarışından qabaq" əsəri ikinci, Xanlar Əhmədovun "Oxatan" işi üçüncü mükafata layiq gördü.
Qrafika və rəngkarlıq sahəsində Rəsul Hüseynovun "Uğursuz sırayış" əsəri birinci, Arif Ələsgərovun "Qoca idmançılar" əsəri ikinci, Telman Abbasovun "Milli güləş" tablosu üçünücü mükafata layiq görüldü.
Əsasnaməyə görə müsabiqdə I yerə görə 1000, II yerə 500, III yerə görə 350, daha 4 həvəsləndirici yerin hər birinə 100 ABŞ dolları məbləğində mükafat verildi.
Müsabiqənin milli mərhələsində hər iki kateqoriyadan I-III yerləri tutmuş əsərlər müsabiqənin beynəlxalq mərhələsində iştirak üçün Lozannaya göndərildi. Beynəlxalq mərhələdə münsiflər heyətinin qərarına əsasən Zakir Mehdiyevin "Güləş fəndi" heykəltaraşlıq işi və Telman Abbasovun "Milli güləş" tablosu dördüncü yerə layiq görüldü. Bu əsərlər Sidney Oyunları dövründə keçirilmiş sərgidə nümayiş etdirilmiş, sərgidən sonra isə Beynəlxalq Olimpiya Komitəsinin Lozannadakı muzeyinin kolleksiyasına daxil edilmişdir. Onu da qeyd etmək lazımdır ki, Beynəlxalq Olimpiya Komitəsinin Mədəniyyət Komissiyası "Olimpiya, idman, incəsənət-2000" müsabiqəsinin beynəlxalq mərhələsinə təqdim olunmuş əsərlərin kataloqunu nəfis şəkildə nəşr etdirmişdir. Azərbaycan rəssam və heykəltəraşlarının altı əsəri bu kataloqa daxil edilmişdir.