2001-ci ildə Türkiyə Olimpiya Komitəsi Ədalətli Oyunlar Hərəkatına həsr olunmuş beynəlxalq karikatura müsabiqəsində Azərbaycan rəssamları da iştirak etdi. Müsabiqəyə üç rəssamın doqquz əsəri göndərildi. Azərbaycan rəssamı Soltan İmaməliyevin karikaturası həmin müsabiqədə birinci yeri tutdu. Soltan İmaməliyevin karikaturası və müsabiqə haqqında məlumat Türkiyə Olimpiya Komitəsinin "Olimpiya" jurnalında və Avropa Ədalətli Oyunları Hərəkatının orqanı olan "Feer Play" qəzetində geniş material çap olundu.
2002-ci ilin aprelində Milli Olimpiya Komitəsinin mədəniyyət komissiyası, komitənin orqanı olan "Olimpiya dünyası" qəzeti Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə Milli karikaturaçı rəssamlar arasında idman mövzulu əsərlərin müsabiqəsini elan etdi. Müsabiqəyə 13 rəssam 36 karikatura təqdim etmişdi.
İyunun 7-də müsabiqəyə təqdim olunmuş əsərlərin sərgisinin açılış mərasimi oldu. Mərasimdə Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, respublika mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, MOK-un mədəniyyət komissiyasının sədri Zərifə Salahova və digər rəsmi şəxslər iştirak etdilər. Sərginin açılış günü münsiflər heyəti müsabiqənin qaliblərini elan etdi və qaliblər mükafatlandırıldılar. Karikatura müsabiqəsində Hafiz Nəsiroğlunun birinci, Fidan Əliyevanın 2-ci, Bulud Qasımovun isə 3-cü mükafata layiq görüldülər. Natiq Əyyubov və Günay Qasımxanlıya müsabiqənin həvəsləndirici mükafatları təqdim olundu. İdman mövzulu karikatura sərgisi bir həftədən çox davam etdi və tamaşaçıların böyük marağına səbəb oldu.
Azərbaycan Milli Olimpiya Komitəsi Olimpiya, idman və incəsənət sahəsində fəaliyyətini bu gün də davam etdirir. Olimpiya Komitəsi onillik yubileyi ilə əlaqədar Azərbaycanda Olimpiya Oyunları və idman mövzusunda incəsənət əsərlərinin müsabiqəsini keçirir. Müsbiqəyə təqdim olunmuş əsərlərin sərgisi həm incəsənət, həm də idman həvəskarları üçün böyük töhfədir.
Yubiley çərçivəsində başqa mədəni tədbirlər də həyata keçiriləcəkdir.
Afina oyunları ərəfəsində isə Milli Olimpiya Komitəsi olimpiya, idman və incəsənətlə bağlı bir sıra tədbirlər keçirməyi nəzərdə tutmuşdur.