Avqustun 15-də Yunanıstanın paytaxtı Afinanın ən gözəl mehmanxanalarından biri olan "Divani Karovel" də "Azərbaycan günü" keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva ilə mərasimdə iştirak etdi.
Preziden İlham Əliyev burada Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqq ilə görüşdü. Səmimi söhbət zamanı Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətindən, ölkədə idmanın inkşafı üçün görülən işlərdən, BOK ilə əlaqə və əməkdaşlıqdan danışıldı. Azərbaycan Olimpiya Hərəkatının prespektivləri haqqında fikir mübadiləsi aparıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edən digər qonaqlarla - Avropa Olimpiya Komitəsinin prezidenti Mario Peskante, Ukraynanın baş naziri Viktor Yanukoviç, BOK - un fəxri prezidenti Xuan Antonio Samaranç, BOK - un vitse - prezidentləri Vladimir Smirnov və Sergey Bubka, habelə Beynəlxalq Güləş Federasiyanın prezidenti Rafael Martimetti, Beynəlxalq Həvəskar Boks Assosiasıyanın prezidenti Ənvər Çoudri, Avropa Cüdo Federasiyanın prezidenti Marius Vizir, Almaniya, Moldova, Gürcüstan, Tacikistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Türkmənistan Olimpiya Komitələrinin prezidentləri, idman nazirləri ilə görüşərək səmimi söhbət etdi.
Qonaqlara Azərbaycan mədəniyyəti, ölkədə idmanın inkişafı haqqında qısa məlumat verildi. Qonaqlar respublikamızda olimpiya hərəkatının inkişafını, idmana göstərilən diqqət və qayğını yüksək qiymətləndirdilər. Mərasimin keçirildiyi salon ölkəmizin dövlət bayrağı ilə, Azərbaycana xas milli üslubda zövqlə bəzədilmişdi. Burada quraşdırılmış iri ekranlarda mərasim boyu müstəqil Azərbaycanın bütün sahələrdə inkişafında əvəzsiz xidmətlər göstərmiş ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətindən, xalqımızın mədəniyyət və incəsənətindən, Milli Olimpiya Komitəsinin fəaliyyətindən, eləcədə ölkədə keçirilmiş beynəlxalq yarışlardan bəhs edən videomateriallar nümayiş etdirildi.
Prezident İlham Əliyev mərasimdə nitq söylədi. O dedi :
"Hörmətli xanımlar və cənablar! əziz dostlar! Hamınıza bizim "Azərbaycan günü"nə "Xoş gəlmişsiniz!" demək istəyirəm. Xüsusilə də, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti, böyük dostumuz Jak Roqqu salamlayıram. Onun təkcə Azərbaycanda deyil, bütün dünyada idmanın, olimpiya hərəkatının inkişafına yardımı və dəstəyinin böyük əhəmiyyəti vardır. Çox xoşbəxtəm ki, Azərbaycan Olimpiya Komitəsinin həmişə gözəl münasibətlərdə olduğu və bu münasibətləri gələcəkdə də davam etdirəcəyi dostları bu gün bizimlədirlər.
Mən iftixar hissi keçirirəm ki, artıq yeddi ildir ki, Azərbaycan Olimpiya Komitəsinə rəhbərlik edirəm və bu müddət ərzində Azərbaycan beynəlxalq olimpiya ailəsinin fəal üzvünə çevrilmişdir.
Azərbaycan həmişə öz idmançıları ilə məşhur olmuşdur. Amma yalnız müstəqillik qazanandan sonra Azərbaycan suveren ölkə kimi, Beynəlxalq Olimpiya Komitəsinin üzvünə çevrilmişdir. Azərbaycanın daxil olduğu olimpiya ailəsi nadir bir ailədir. Bu ailə bütün dünyadan olan insanları birləşdirir yalnız idmançıları, atletləri deyil, bütün dünyanı birləşdirir və Olimpiada dünyada keçirilən ən böyük beynəlxalq tədbirdir. Azərbaycanda Olimpiya Hərəkatı həyatımızın çox vacib, çox mühüm bir hissəsinə çevrilmişdir. Biz olimpizmin, idmanı inkşafına çox böyük fikir veririk. Olimpiya hərəkatını, ideallarını inkşaf etdiririk. İdmançılar üçün qurğular yaradırıq.Son dörd il müddətində Azərbaycanda 10-dan artıq idman mərkəzi yaradılmışdır. Bunların hamısı yüksək beynəlxalq standartlar səviyyəsində tikilmişdir.
Azərbaycan idmançıları beynəlxalq yarışlarda uğurla çıxış edirlər. Bizim bir neçə olimpiya çempionumuz, eləcə də dünya və Avropa çempionlarımız var. Amma ən mühümü odur ki, idman Azərbaycanda gənc nəsil arasında çox populyar olmuşdur. Düşünürəm ki, bu bizim ən böyük nailiyyətimizdir. Hazırda Azərbaycanda idman kütləvi xarakter almışdır. İdman təkcə idmançıların medal, mükafat aldığı yarış deyil, həm də gənclərin, cavanların fiziki cəhətdən möhkəmlənməsi, sağlam olması deməkdir. Əlbəttə ki, yaxşı idmançılar, yaxşı atletlər həmişə ölkədəki cavanlar üçün nümunə olmuşdur.
Azərbaycan Olimpiya ideallarına, Olimpiya Hərəkatına çox sadiqdir. Mən əminəm ki, ölkəmiz gələcəkdə də idmanın inkişafına və Olimpiya Hərəkatına sadiq olacaqdır. Düşünürəm ki, dostlarımızın köməyi ilə, Milli Olimpiya Komitələrinin, indiyədək bizə dəstəyini əsirgəməyən Beynəlxalq Olimpiya Komitəsinin yardımı ilə nəticələri daha da artıracağıq. Onuda fəxrlə deyirəm ki, son illər ərzində Azərbaycan bir neçə idman yarışlarında ev sahibi kimi çıxış etmişdir. Ölkəmizdə Dünya kuboku yarışları, dünya və Avropa çempionatları, eləcə də üç olimpiya təsnifat turniri keçirilmiş, hamısı da yüksək səviyyədə təşkil olunmuşdur.
Əziz dotlar, bu gün buraya gəldiyinizə görə, hamınıza bir daha minnətdarlığımı bildirirəm, Azərbaycan gününə xoş gəlmişsiniz. Bu gün biz çalışdıq ki, ekranda nümayiş etdirilən filmlər vasitəsilə ölkəmizin ab-havasını burada canlandıraq. Biz bu gün burada, bu oteldə özümüzü elə Azərbaycandakı kimi hiss edirik.
İstərdim ki, dostlarımızı ölkəmizə dəvət edim. Yəqin ki, Azərbaycanda olanlar oranı bir daha görmək istəyərlər. Ölkəmizdə olmayanları isə Azərbaycanı görməyə, onunla yaxından tanış olmağa dəvət edirəm. Buraya gəldiyinizə görə hamınıza bir daha minnatdaram və olimpiadada yarışan bütün atletlərə uğurlar diləyirəm. Sağ olun!" Azərbaycan Prezidentinin çıxışı alqışlarla qarşılandı. Qonaqlar seyr etdikləri videomateriallardan Azərbaycan haqqında ətraflı məlumatlar aldılar.
Qırğızıstanın idman nümayəndə heyəti üzvləri Prezident İlham Əliyevə hədiyyə olaraq milli geyim təqdim etdilər. Azərbaycan Prezidenti ölkəmizin olimpiya komandasının üzvləri ilə görüşüb qarşıdakı yarışlarla bağlı söhbət etdi, öz töfsiyyələrini verdi. İdmançılar və onların məşqçiləri ilə xatirə şəkilləri çəkdirdi. Xeyli davam edən bu tədbirin sonunda bütün qonaqlara Azərbaycan haqqında məlumat verən xatirə hədiyyələri bağışlandı. Qonaqlar tədbirdən xoş təəsüratlarla ayrıldılar.