Hər bir insan fiziki kamilliyə idmanın köməkliyi ilə can atmağa çalışır. Müəyyən fiziki qüsuru olan, lakin eyni zamanda hansısa daxili potensiala malik insanlar üçünsə idman həm də fiziki və mənəvi reablitasiya vasitəsidir. Dünya işığından məhrum və ya bədəninin hər hansı bir hissəsini itirmiş insanların qayğısına qalmaq, onlarda həyat eşqini oyatmaq isə ən böyük savabdır. Son illərdə məhz bu cür qayğının olması Azərbaycanda əlilərin idmana cəlb olunmasına, paralimpiya hərəkatının yaranaraq, böyük dəstək sayəsində qısa müddətdə uğurlar qazanmasına imkan yaradıb. Ölkəmiz Ümumdünya Paralimpiya Hərəkatına 8 ildir ki, qoşulub. 1996 -cı il fevralın 9-da yaranmış Azərbaycan Milli Paralimpiya Komitəsi Beynəlxalq və Avropa Paralimpiya Komitələrinə müşahidəçi, üç il sonra isə tam hüquqlu üzv kimi qəbul edildi. Paralimpiyaçılarımız Atlantada X Yay paralimpiya Oyunlarında debüt etdilər. Bu yarışdan paurliftinqçi Gündüz İsmayilov 7-ci, marafonçu Aleksandr Anatoliy isə 5-ci nəticə ilə döndülər.
Sonrakı illərdə bu sahədə göstərilən səmərəli fəaliyyət sayəsində minlərlə əlil insan ölkə daxilində keçirilən yarışlara cəlb olundular. Onların arasında ən güclü və ən çevikləri isə Vətənin şərəfini 2000-ci ildə Sidney XI Yay Paralimpiya Oyunlarında qorumaq hüququnu qazandılar. Uzaq Avstraliyada 27-ci Yay Olimpiya Oyunlarında üç dəfə ölkəmizin bayrağını ucaldan və iki dəfə himnimizi səsləndirən olimpiyaçılarımızın ənənələrini paralimpiyaçılarımız Gündüz İsmayılov və Yelena Taranova davam etdirirdilər. Pauerliftinq yarışında qızıl medal qazanan Gündüz İsmayılov eyni zamanda dörd dünya rekordu vurdu. Kişi idmançıların mübarizəsinə qoşulmasına baxmayaraq, Yelena Taranova tapançalan 50 metr məsafədən sərbəst atəş açmaqda 2-ci oldu. Müxtəlif növlər üzrə yarışlarda Mehman Ramazanov, Fuad Tarıverdiyev, Aleksandr Antofiy, Zeynəddin Bilalov və Sərxan Əsədov ilk onluğa daxil oldular. Əlil idmançılarımızın bu uğuru, sözsüz ki, ölkə prezidenti Heydər Əliyevin diqqətində kənar qalmadı. Paralimpiyaçıları qəbul edən dövlət başçısı uğur qazanmış idmançıları mükafatlandırdı. Bu qayğıdan ruhlanan əlil idmançılarımız sonrakı illərin dünya və qitə çempionatlarında daha da uğurlu çıxış etdilər. Ötən illərin beynəlxalq yarışlarının əsas məqsədi də məhz Afinaya lisenziya qazanmaq idi. Bu sahədə ilk addımı Yelena Taranova atdı. 2001-ci ildə Danimarkanın Veyle şəhərində keçirilmiş Avropa çempionatında 2 gümüş və 1 bürünc medal qazanan idmançımız 10 metr məsafəyə pnevmatik və 50 metr məsafəyə tapançadan atəş açmaqda Paralimpiya Oyunlarında iştirak etmək hüququ əldə etdi. Həmin il lisenziyalarımızın sayını Zeynəddin Bilalov Polşanın Belostok şəhərində keçirilmiş qitə çempionatında uzunluğa tullamada 5 m 98 sm nəticə göstərməklə artırdı. 2002-ci ildə Zeynəddin Fransanın Lill şəhərində keçirilmiş dünya çempionatında üç təkanla 12 m 64 sm məsafəyə tullanmaqla Afinaya daha bir lisenziyanın sahibi oldu.
Lilldə lisenziyalar sırasında 400 metrə qaçışda 53.68 s nəticə göstərən Yuri Qornak da qoşuldu. Sidneydə paralimpiya çempionu olmuş Gündüz İsmayılov isə həmin il Pusanda (Koreya) keçirilmiş 8-ci FESPİC Oyunlarında gümüş medal qazanması, ötən il isə Pyeştanuda (Slovakiya) 3-cü dəfə qitə çempionluğuna yüksəlməsi sayəsində pauerliftinqçilərimiz apasında Afina lisenziyası qazanmış ilk idmançı oldu. Lisenziyaların sayının xeyli artmasına səbəb isə ötən il Niderlandın Essen şəhərində keçirilmiş atletika üzrə Avropa çempionatı oldu. Oleq Panyutin uzunluğa tullanmada 6 m 98 sm, üç təkanla tullanmada isə 14 m 27 sm nəticə göstərməklə nail oldu. Əvvəlcədən 400 metrə qaçışda lisenziyası olan Yuri Qornak, Essendə 100 və 200 metrə qaçışda də bu hüququ qazandı. Qeyd edək ki, Bilalov, Panyutin və Qornak müxtəlif dərəcəli görmə düsurlu əlillərin yarışında iştirak edirlər. Amputant əlillərin mübarizəsində ölkəmizi təmsil edən Aleksandr Polişuk isə Essendə 53.24 saniyə nəticə ilə Avropa çempionu olduğu 400 metr məsafə ilə yanaşı 100 və 200 metrə qaçışda da lisenziya əldə etdi. Həmçinin Əlibala Hüseynov və Bəhruz Bəşirov nüvəitələmə yarışlarında Afina lisenziyası qazandılar.
Azərbaycanın Paralimpiya Hərəkatında yeni növ olan cüdo da lisenziyasız qalmadı. Bu uğuru Kanadanın Kvebek Şəhərində keçirilmiş dünya çempionatında 100 kq-dan yuxarı çəki dərəcəsində bürünc medal qazanmış İlham Zəkiyev əldə etdi. Pauerliftinq yarışlarında lisenziyaçılarımız sırasında Gündüz İsmayılova tlk olaraq, Pyeştanuda qitə çempionatında Fuad Tarıverdiyev qoşuldu. Son lisenziyanı İordaniyanın Əmman şəhərində Sara Abbasova gətirdi. Və nəhayət, bu il sentyabrın 17-dən 28-dək bütün dünyanın ən güclü əlil idmançılarını bir yerə toplayan XII Yay Paralimpiya Oyunlarında Azərbaycan idmançılarının möhtəşəm çıxışı 2-si qızıl olmaqla, 4 medalla nəticələndi. İlk uğur Sidneydə gümüş medala sahib çıxmış güllə atıcısı Yelena Taranovadan gəldi. Sentyabrın 19-da pnevmatik tapançadan 10 metr məsafəyə atəş açmaqda yarışan idmançımız ilkin mərhələdən sonra 363 xalla 5-ci yerdə idi. Final mərhələsində qazandığı 94.3 xalla yekun göstəricisinin 457.3 xala çatdıran Taranova ilkin mərhələdə özündən irəli buraxdığı Olivera Nakovskanı (Makedoniya) və Anastasiya Panteleyevanı (Rusiya) qabaqladı. Bu isə atıcımızın bürünc medal qazanması demək idi. Sentyabrın 20-də isə afinalılar Azərbaycanın himnini dinləməli oldular. Bunu edən 100-kq-dan yuxarı səki dərəcəsində yarışan cüdoçumuz olan bahadırımızın qarşısında heç bir rəqib axıra qədər tab gətirə bilmədi. Onu da qeyd etmək lazımdır ki, bütün rəqibləri zəif də olsa, görmə qabiliyyətinə malik olduqları halda, 5 il öncə hərbi xidməti dövründə Füzulidə döyüş tapşırığı zamanı snayper gülləsinə tuş gəlmiş İlham görmə qabiliyyətini tam itirib. Lakin bu, ötən ilin dünya üçüncüsinə bu dəfə inamlı qələbə qazanmağa mane olmadı. İlk olaraq, ? finalda dünya ikincisi, kubalı Rafael Torres Pompa 1 dəqiqə 20 saniyə ərzində ippona salındı. Növbəti döyüşdə İspaniyalı Fermin Kampos Arisa isə pəhləvanımızın qarşısında vur-tut 37 saniyə dayana bildi. Finalda britaniyalı Yan Rouz da əzəmətli rəqibindən qaçmağa çalışsa da, 1 dəqiqə 2 saniyəyə ippona düşdü. Doğurdan da, İlham Zəkiyev Afina tatamillərində sadəcə olaraq qızıl medal qazanmadı, o, həm də Azərbaycan bahadırlıq məktəbinin qüdrətini göstərərək, rəqiblərindən bir baş yuxarı oldu.
Eyni sözləri uzunluğa tullanma yarışında çıxış edən Oleq Panyutin barəsində də demək olar. Sentyabırın 21-də yarışlara qoşulan atletimiz dünya və paralimpiya rekodçuları ilə mübarizə aparsa da, heç bir rəqabətlə üzləşmədi. Görmə qüsusluların F -12 qurupunda yarışan Panyutin final ıəkkizliyinə düşmək uğrunda mübarizədə ardıcıl olaraq, 6 m 95 sm, 7 m 10 sm və 7 m 08 sm nəticə göstərdi. İdmançımızın hər üç göstəricisi fransalı Stefan Bozolaya məxsus paralimpiya rekordunda yüksək nəticə idi lakin Oleq tək bu rekordu təzələməklə kifayətlənmədi. Bu ilin may ayında 7 m 18 sm nəticə ilə yeni dünya rekordunu müəyyənləşdirilmiş Venesuela atleti Oduver Daza bu mövqeyini cəmisi 4 ay saxlaya bildi. Oleq final çıxışına dək ilk cəhdində həmin həddi haqlaya bilməsə də (7 m 17 sm), növbəti tullanışda yeni dünya rekorduna imza atdı - 7 m 25 sm. Ən yaxın rəqibi Hilton Lanqenovenin (CAR) 22 sm qeri qalması ilə (7 m 03 sm) Oleq Panyutin inamla Afina qızılına sahib çıxdı. Zeyniddin Bilalov üç təkanla tulanmada 12 m 88 sm nəticə ilə Duan Linden (Çin, 13 m 10 sm) geri qaldı və gümüşə sahib çıxdı. Digər idmançılarımızdan Yuri Qornak medala yaxın idi. O, 200 metrə qaçışda 23:53 saniyə nəticə ilə 5-ci, 400 metrədə isə 51.01 saniyə göstərici ilə 4-cü oldu. 100 metrlik sprintdə isə Qornak 11.59 saniyə nəticə ilə final səkkizliyinin bir addımlığında qalaraq 9-cu oldu. Başqa bir sprintlərimiz Aleksandr Polişşuk amputant əlillərin 400 metrə qaçışında nəticə göstərdi 50.99 saniyə.
Polişşuk 100 metrə məsafəyə qaçışda da finala vəsiqə qazanmasına baxmayaraq, aldığı zədə onun final startına çıxmasına imkan vermədi. Yadro itələmədə Əlibala Hüseynov 9-cu (10 m 06 sm), Bəhruz Bəşirov isə 10-cu (10 m 06 sm) oldular. Pauerliftinq yarışlarında iştirak edən Fuad Tarıverdiyev 82,5 kq çəki dərəcəsində 130 və 145 kq ağırlığı qaldırsa da, 155 kq qaldırmadı və 14-cü oldu. Beləliklə, paralimpiyaçılarımızın Afinada 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazandılar. Paralimpiyaçılarımızın uğuru da ölkə rəhbərinin diqqətindən kənar qalmadı.
Azərbaycan Prezidenti İlham Əliyev Afina Paralimpiya Oyunlarında çıxış etmiş idmançıları oktyabrın 6-da Prezident Sarayında qəbul edərkən bu sahədə böyük irəliləyişlərə nail olan Milli Paralimpiya Komitəsinin fəaliyyətinin yüksək qiymətləndirdi: "Komitə bu müddət ərzində çox səmərəli işləyib, idmançılara yaxşı şərait yaradıb, təlim-məşq toplanışlarının keçirilməsi, ümumiyyətlə, idmançıların hazırlanması üçün çox böyük işlər görübdür."
Ölkə prezidentinin sərəncamı ilə XII Yay Paralimpiya Oyunlarında əldə edilmiş nəticələrə görə birinci yeri tutan hər bir idmançıya 250 milyon, onun məşqçisinə 125 milyon; ikinci yeri tutan idmançıya 125 milyon, onun məşqçisinə 60 milyon; üçüncü yeri tutan idmançıya 60 milyon, onun məşqçisinə isə 30 milyon manat məbləğində mükafat təqdim olundu.
Həmçinin Milli Olimpiya Komitəsi tərəfindən də birinci yeri tutan idmançıya 75 milyon, üçüncü yeri tutan idmançıya 50 milyon, birinci yeri tutan idmançının məşqçisinə 62,5 milyon manat, ikinci və üçüncü yeri tutan idmançıların məşqçilərinə də müvafiq qaydada mükafatlar verildi.