Milli Olimpiya Komitəsi

Buenos Ayres 2018 Azərbaycan nümayəndə heyəti ilə görüş keçirildi

21 seyntabr 2018-ci il tarixində Milli Olimpiya Komitəsində Argentinanın Buenos Ayres şəhərində təşkil ediləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüş keçirildi.

Görüşdə Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, MOK-un baş katibinin müavini Azər Əliyev, federasiya nümayəndələri və digər rəsmilər iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Çingiz Hüseynzadə toplantı və Azərbaycan Olimpiya Komandası haqqında işritakçılara məlumat verdi. O, bildirdi ki, Azərbaycan Olimpiya Komandası Nankin 2014 Yeniyetmələrin II Yay Olimpiya Oyunlarını 12 medalla (5 qızıl, 6 gümüş və 1 bürünc) 10-cu və Sinqapur 2010 Yeniyetmələrin I Yay Olimpiya Oyunlarını 8 medalla (5 qızıl, 3 gümüş) ümumi komanda hesabında 11 yerdə başa vurmuşdur. Çingiz Hüseynzadə nümayəndə heyətinə uğurlar arzulayaraq Oyunların hər bir buraxılışında artmaqda olan rəqabətə rəğmən Azərbaycan Olimpiya Komandasının Buenos Ayres III Yay Olimpiadasında da ölkəmizi ləyaqətlə təmsil edəcəklərinə ümidvar olduğunu bildirdi.

Daha sonra çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Mehman Kərimov ilk olaraq Oyunlar çərçivəsində Milli Olimpiya Komitəsi və Olimpiya Komandasının Məğrur Tərəfdaşı Toyota Qafqaz MMC-ni iştirakçılara təqdim etdi. Məhz bu əməkdaşlığın nəticəsində Oyunların təbliğatı, Azərbaycan Olimpiya Komandasının Oyunlarda iştirakı və digər xəbərləri KİV, həmçinin şəhər reklamı vasitəsilə geniş ictimaiyyətə çatdırılması mümkün olacaqdır. Kərimov daha sonra Oyunların 3-cü buraxılışı və tətbiq ediləcək bir sıra vacib yeniliklər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi.

Oyunların gənc səfiri qismində Azərbaycanı təmsil edən Səkinə Vəliyeva iştirakçılara Argentina, Buenos Aires, Oyunlar, nümayəndə heyətinin qalacağı Olimpiya kəndi və yarış yerləri haqqında iştirakçılar üçün geniş təqdimat etdi.

Daha sonra AMADA-nın əməkdaşı iştirakşılara Oyunlardan əvvəl və Oyunlar zamanı qopinqlə mübarizə çərçivəsində həyata keçirilən işlər, hımçinin nəzərdə tutulmuş planlar haqqında ətraflı məlumat verdi. Tədbirin sonunda Azərbaycan nümayəndə heyətinin rəhbərinin müavini və MOK-un idman idarəsinin baş məsləhətçisi Vaqif Əliyev Olimpiya Komandasının Beunos Airesə gediş-gəlişi, geyim, akkreditasiya və digər texniki məsələlər haqqında məlumat verərək iştirakçıların suallarını cavablandırdı.

Redaktorlar üçün qeyd:

Xatırladaq ki, Yeniyetmələrin III Yay Olimpiya Oyunları 06 – 18 oktyabr 2018-ci il tarixlərində Argentinanın Buenos Ayres şəhərində baş tutacaqdır. Azərbaycan Olimpiya Komandasının əsas hissəsi 04 oktyabr tarixində Buenos Airesə yola düşəcəkdir.

Azərbaycan Olimpiya Komandası əsasən 17 idmançı (8 qız və 9 oğlan), 12 nəfər məşqçi və həkim, 1 nəfər nümayəndə heyətinin rəhbəri və gənc səfirdən ibarətdir. Bundan başqa nümayəndə heyətinə Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və bəzi federasiyaların rəhbərləri daxildir.

Olimpiya yığmasının tərkibində Şəhanə Nəzərova (qadın güləşi, 43 kq), Turan Bayramov (sərbəst güləş, 65 kq), Luzan Yelizaveta (bədii gimnastika), Məmmədli Səməd (idman gimnastikası), Vüsalə Kərimova (cüdo 44 kq), Vüqar Talıbov (cüdo, 66 kq), Minayə Əkbərova (taekvondo, 44 kq), Cavad Ağayev (taekvondo, 63 kq), Tamerxan Babayev (ağırlıqqaldırma, 85 kq), Lalə Rzazadə (ağırlıqqaldırma, 58 kq), Nurlan Səfərov (boks, 60 kq), Nicat Həsənov (boks, 69 kq), Fatimə Alkərəmov (üzgüçülük), Jing Ning (stolüstü tennis), Xinhang Yu (stolüstü tennis), Rüstəm Məmmədov(atletika, 3 təkanla uzununa tullanma) və Fəxriyyə Tağızadə (atletika, 100 m qaçış) müvafiq idman növlərində Azərbaycanı təmsil edəcəklər.